XƏBƏRLƏR

BDU-nun Qazax filialında 8 Noyabr - Zəfər Gününün beşinci ildönümünə həsr edilmiş dəyirmi masa keçirilib

BDU-nun Qazax filialında 8 Noyabr - Zəfər Gününün beşinci ildönümünə həsr edilmiş dəyirmi masa keçirilib

Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən 44 günlük Vətən müharibəsindəki tarixi qələbəmizin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Ölkə Prezidentinin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 8-i həm də Şuşa Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunmaqdadır. 

Oktyabrın 21-də Qazax Rayon İcra Hakimiyyətinin və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününün beşinci ildönümünə həsr edilmiş dəyirmi masa keçirilib. 

Filialın Heydər Əliyev auditoriyasında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının direktoru, dosent Arif Rüstəmov, filialın professor-müəllim heyəti, tələbələri, QHT-lər, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədri Xasay Balayev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədri Azər Məmmədov, şəhid ailələri, qazilər, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri, gənclər, KİV nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə filialın foyesində Vətən yolunda canlarından keçən şəhidlərin xatirəsini əbədiləşdirən guşə ilə tanış olublar. Həmçinin, filialın məzunu olmuş şəhid leytenant Məhəmməd Məmmədovun xatirəsinə yaradılmış guşəyə baxaraq əziz xatirəsini ehtiramla anıblar. 

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, respublikamızın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bakı Dövlət Universitetinin Qazax filialının direktoru, dosent Arif Rüstəmov tədbiri açıq elan edərək iştirakçıları, şəhid ailələrini salamlayıb, 8 Noyabr – Zəfər Günü münasibətilə səmimi ürək sözlərini səsləndirərək xalqımıza daim qələbələr qazanmağı arzulayıb. Bugünkü şanlı Zəfərimizə görə Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevə, canlarını Vətən yolunda fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borclu olduğumuzu qeyd edib. Tədbirdə iştirakına və BDU-nun Qazax filialının kollektivinə hər zaman verdiyi yüksək dəyərə görə rayon rəhbərinə dərin minnətdarlığını bildirib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, qarşıdan gələn 8 Noyabr - Zəfər Günü münasibətilə səmimi ürək sözlərini çatdırıb. Rayon rəhbəri ölkə başçısının tapşırığına əsasən 8 Noyabr - Zəfər Gününün silsilə tədbirlərlə qeyd olunduğunu, şanlı zəfərimizin beşinci ildönümünün bu il də yüksək səviyyədə qeyd ediləcəyini vurğulayıb. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Tədbirlər Planı hazırlandığını, bugünkü dəyirmi masanın da həmin Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərdən olduğunu söyləyib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü bildirib. Qazaxda bütün şəhidlərimizin daim yad olunduğunu, şəhid ailələrinə olan qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Rayon rəhbəri bildirib ki, 2024-cü ilin ən yaddaqalan hadisələrindən biri - Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılması oldu. İcra başçısı Qarabağda həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində həmin torpaqlarımızda olduğu kimi, Qazaxın kəndlərinin də yenidən qurulacağını, yeni evlərin, infrastrukturların inşa olunacağını, çoxsaylı layihələrin icra ediləcəyini, sakinlərin yaxın zamanda doğma yurdlarına qayıdacaqlarını söyləyib. 

Bakı Dövlət Universitetinin Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini, dosent Məmməd Yusifov, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli Vətən müharibəsi əlili, ehtiyatda olan kapitan Samir Çobanov, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Birinci Qarabağ müharibəsi veteranı, ehtiyatda olan mayor, Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon şöbəsinin sədri Xasay Balayev, ikinci dərəcəli Vətən müharibəsi əlili, ehtiyatda olan mayor Xəyyam Əliyev, filialın məzunu olmuş, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının sədri Pəri İbrahimova, Bakı Dövlət Universitetinin Qazax filialının Fiziki tərbiyə və çağrışaqədərki hazırlıq müəllimliyi ixtisasının IV kurs tələbəsi, Vətən müharibəsi iştirakçısı, qazi Qılınc Cəfərov çıxış edərək qarşıdan gələn 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, səmimi ürək sözlərini bölüşüblər. 

Filialın Mətbuat Xidməti.

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.