XƏBƏRLƏR

BDU-nun Qazax filialında Bilik günü və yeni dərs ilinin başlanması münasibətilə tədbir keçirilib

 

BDU-nun Qazax filialında Bilik günü və yeni dərs ilinin başlanması münasibətilə tədbir keçirilib

Bakı Dövlət Universitetinin Qazax filialında Bilik günü və yeni dərs ilinin başlanması münasibətilə tədbir keçirilib. Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, filialın müəllim-tələbə kollektivi, valideynlər iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

BDU Qazax filialının direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək müəllim və tələbələri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb. Bu il filialı seçərək ali təhsil alacaq I kurs tələbələrinə yeni qədəm qoyduqları tələbəlik illərində uğurlar arzulayıb. Dövlət tərəfindən təhsil sahəsinə göstərilən diqqət və qayğıdan söz açan A.Rüstəmov təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, ölkə Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi təhsil konsepsiyasının məqsədinin milli məfkurəyə sahib, mənəviyyatca zəngin, sağlam əxlaqlı, yüksək ixtisaslı mütəxəssis vətəndaş hazırlamaqdan ibarət olduğunu və bu konsepsiyanın reallaşmasında Birinci vitse-prezident Mehriban Əliyevanın əməyini xüsusi qeyd edib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək yeni dərs ilinin başlanması münasibətilə tələbələri, onların valideynlərini, müəllimləri səmimi qəlbdən təbrik edib, qəbul imtahanlarında yüksək bal toplayıb I kursa daxil olan tələbələrə daha böyük uğurlar qazanmağı arzulayıb. Bildirib ki, "Təhsil millətin gələcəyidir” ifadəsini şüar səviyyəsinə yüksəldən Ulu Öndər  Heydər Əliyev siyasətinin layiqli davamçısı  Prezident İlham Əliyev ölkədə təhsil siyasətini uğurla davam etdirərək "Neft kapitalını insan kapitalına çevirək" devizi altında təhsilin inkişafına böyük önəm verir. Qeyd edib ki, ölkəmizdə təhsilin inkişafı istiqamətində mühüm addımların atılmasında Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın da xidmətləri böyükdür.

Filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov, Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müdiri İradə Arıxova tələbə adını qazanmış gəncləri təbrik edib, ölkəmizdə təhsil sahəsinə olan qayğıdan danışıblar. Filialın Mətbuat xidmətinin rəhbəri Elçin İsmayıl qələmə aldığı “Filialda” adlı şeiri oxuyub.

Qəbul imtahanlarında 602 bal toplayıb filialın “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasına qəbul olmuş Surəyya Kazımlı və 600 balla filialın “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasına qəbul olmuş Aysu Yusubova çıxış edərək onlara göstərilən qayğıya görə tələbə yoldaşları adından üzərlərində əməyi olan müəllimlərə, valideynlərinə təşəkkürlərini çatdırıblar. Qazax filialını seçməklə düzgün addım atdıqlarını, orta məktəbdə olduğu kimi, seçdikləri ali təhsil ocağını da yüksək nailiyyətlərlə başa vuracaqlarını söyləyiblər. 

I kurs tələbəsi Sürəyya Kazımlının valideyni Aynur Süleymanova çıxış edərək təhsilə göstrədiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib. 

Filialın Mətbuat Xidməti

FİLİALDA

BDU Qazax filialına həsr olunur

Saf arzu-niyyətdən doğub, yaranıb

Elm məbədi tək Qərbdə dayanıb,

Şəffaflığı ilə ad-san qazanıb,

Möhrünü vurubdu düz, Filialda.

 

Burda tarixin öz fəlsəfəsi var,

Zamanı əridən qum dənəsi var,

Dünənlə bu günün ənənəsi var,

Keçmişə uzanıb iz, Filialda.

 

O, bir inam yeri, o, yanan ocaq,

Şöləsi qəlblərə işıq salacaq,

Yeganə meyarı elmdir ancaq,

Dəyər qazanıbdı söz, Filialda.

 

Hər yeni arzudan bir arzu doğur,

Gələn illəriniz gətirsin uğur,

Şərəflə daşıyın, arzumuz budur -

Tələbə adını siz, Filialda.

Elçin İSMAYIL,

filialın Mətbuat Xidmətinin rəhbəri,  şair-publisist

 

 

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.