- Nəşr edilib 27.08.2024 11:45
BDU-nun Qazax filialına bu il daxil olmuş birinci kurs tələbələrinə müraciət
Hörmətli tələbələr!
Bakı Dövlət Universitetinin Qazax filialının tələbəsi adını alması münasibətilə sizi və valideynlərinizi filialın rəhbərliyi, professor-müəllim heyəti adından səmimi qəlbdən təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq. Ümidvar olduğumuzu bildiririk ki, həyatınızda açılan bu yeni səhifə sizin savadlı və bacarıqlı bir gənc kimi gələcəyinizi daha da zənginləşdirəcək, ömür yollarınıza işıq saçacaqdır.
Ölkəmizin regionda yerləşən ən qabaqcıl ali təhsil müəssisələrindən biri olan BDU-nun Qazax filialı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29 aprel 2016-cı il tarixli Sərəncamına əsasən yaradılmışdır. Ali təhsil müəssisəsi yarandığı gündən filialın rəhbərliyi, eləcə də professor-müəllim heyəti tələbələrin daha yaxşı təhsil almaları üçün əlindən gələni əsirgəməmiş, şəfaflığı və obyektivliyi ilə daima fərqlənmişdir.
Bu il qəbul imtahanlarında 600-dən çox bal toplayıb tələbə adını qazanan gənclərin BDU-nun Qazax filialını seçməsi bizi sevindirir. Biz həmin gənclərə, eləcə də bizim filialı seçmiş bütün tələbələrə minnətdarlığımızı bildiririk.
Yeganə meyarın bilik və bacarıq olduğu Qazax filialında gənclərin dərin elmə malik olmaları, gələcəkdə yüksək ixtisaslı kadrlar kimi yetişmələri üçün hər cür şərait yaradılmışdır. Geniş auditoriyalar, kitabxana və laboratoriyalar tələbələrin ixtiyarındadır. Yüksək ixtisaslı professor-müəllim heyəti tələbələrə elmin ən son nailiyyətlərini tədris edir, gənclərin bilikli mütəxəssislər kimi yetişməsində əllərindən gələni əsirgəmir.
Əziz tələbələr!
Ümidvarıq ki, ölkə başçısının Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğıya layiq olacaqsınız. Vətənə gərəkli vətəndaş, milli şüura malik, zəngin dünyagörüşlü, perspektivli mütəxəssis olmaq üçün dayanmadan çalışacağınıza əmin olduğumuzu bildiririk. Təhsil alacadığınız ali təhsil müəssisəsinin adını hər yerdə uca tutacağınıza, yeni biliklər qazanmaq yolunda əzmlə çalışacağınıza yəqinliyimizi ifadə edirik.
Bu il tələbə adını qazanıb BDU-nun Qazax filialını seçmiş bütün gəncləri bir daha təbrik edir, unudulmaz tələbə həyatında hər birinizə uğurlar arzulayırıq.
BDU Qazax filialının kollektivi adından
Direktor Arif Rüstəmov.









































































































































