- Nəşr edilib 07.03.2024 00:16

BDU Qazax filialının tələbələrinin iştirakı ilə maarifləndirici tədbir keçirilib
“Antinarkotikin təbliğatı sahəsində fəaliyyətin gücləndirilməsinə dair” Daxili İşlər Nazirliyinin Tədbirlər Planına əsasən Qazax rayon polis şöbəsinin təşəbbüsü ilə Qazax Rayon İcra Hakimiyyətinin və Qazax rayon prokurorluğunun dəstəyi ilə maarifləndirici tədbir keçirilib. Qazax Gənclər Evində “Narkomaniyaya yox deyək və erkən nigah” mövzusunda keçirilən tədbirdə Bakı Dövlət Universitetinin Qazax filialının tələbələri iştirak edib.
Filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov tədbiri giriş sözü ilə açaraq keçirilən tədbirin məqsəd və əhəmiyyətini qeyd edib, əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə görüşlərin keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.
Rayon polis şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov tədbirdə çıxış edərək narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə ilə əlaqədar görülmüş işlərdən danışıb. Narkomaniyanın törətdiyi fəsadlardan, narkotik vasitələrin zərərlərindən, insan və cəmiyyət üçün yaratdığı problemlərdən geniş şəkildə bəhs edib.
Rayon prokuroru, baş ədliyyə müşaviri Rauf Gözəlov öz çıxışında narkotik vasitələrdən istifadəyə görə yüzlərlə insanın sağalmaz xəstəliklərin və hətta ölümün qurbanına çevrildiyini bildirib. Ona görə də tələbələri narkotik vasitələrdən bir dəfə olsun belə istifadə etməsinə yol verməməyə çağırıb, gəncləri narkomaniya ilə mübarizədə aktiv olmağa səsləyib.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Elçin İSMAYIL,
Filialın Mətbuat Xidmətinin rəhbəri







































































































































