STEAM klubunda tələbələrin hazırladıqları layihələrin təqdimatı keçirilib
- Nəşr edilib 26.11.2026 06:42

STEAM klubunda tələbələrin hazırladıqları layihələrin təqdimatı keçirilib
BDU Qazax filialının Riyaziyyat və İnformatika müəllimliyi ixtisasının Rİ 1-23 qrup tələbələrinin STEAM klubunda "Arduino əsaslı ağıllı köməkçi sistemlər" mövzusunda layihələrin təqdimatı keçirilib.
İlk növbədə Rİ1-23 qrup tələbəsi Vüqar Namazlı elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatı birləşdirən yanaşma (STEAM ) əsasında iki Arduino layihəsi hazırlayıb və təqdim edib. Ağıllı çubuq" adlanan birinci layihə "HC-SR04” ultrasəs sensoru ilə maneəni aşkarlayan və 25 sm məsafədə səsli xəbərdarlıq verən çubuq layihəsidir. Bu layihə görmə məhdudiyyətli şəxslərə hərəkət zamanı əlavə köməkçi vasitə kimi nəzərdə tutulub.
Növbəti layihə isə" Oturuş vəziyyətinə nəzarət" sistemidir. Əyilmə sensoru vasitəsilə kompüter qarşısında bədənin irəli əyilməsini müəyyən edir və səs siqnalı vasitəsilə ilə xəbərdarlıq verir. Təqdimatda hər iki layihənin elektrik sxemləri, Arduino proqram kodları və real istifadə qaydaları ətraflı nümayiş etdirilib.
"Ağıllı tullantı qutusu–sensor əsaslı avtomatik sistem" layihəsini Pərvanə Əmiraslanova, Həvva Əsgərova, Nərmin Əyyubova, Nuran Həsənli, Vüsal Həsənov, Nuran Bayramova, Nübar Məmmədova təqdim ediblər.Layihənin məqsədi Arduino mikrokontrolleri, ultrasəs sensoru və servo motor vasitəsilə insan müdaxiləsi olmadan işləyən ağıllı tullantı qutusu hazırlamaqdır. Bu layihə müasir texnologiyaların gündəlik məişətdə tətbiqini nümayiş etdirərək gigiyenik şəraitin yaxşılaşdırılmasına, fiziki təmasın azaldılmasına və avtomatlaşdırılmış sistemlərin imkanlarının öyrənilməsinə xidmət edir.
Qrup üzvlərindən - Nigar Həsənova, Aytən Əliyeva, Aişə Mahmudova, Ləman Xəlilova, Seymur Rəhimov təqdim etdikləri "Ağıllı idarəetmə" layihəsi də maraq dogurub. Bu layihənin əsas funksiyaları Bluetooth idarəetməsi, maneələrin, zərərli qazların aşkarlanması, 4×4 hərəkət sistemi və ağıllı idarəetmədir. Əsas məqsəd isə bu funksiyaları bir avtomobildə birləşdirərək ağıllı, çoxfunksiyalı robot avtomobil yaratmaqdır.
Tələbələrin təqdim etdikləri layihələr "Sensorlarla idarə olunan dövrələrin qurulması" təcrübələrinə əsaslanıb. Eyni zamanda elektrik sxemləri, Arduino proqram kodları və real istifadə qaydaları göstərilib.
Təqdimatda filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov, Tədris şöbəsinin müdiri Hürü Şamilova, Riyaziyyat və informatika kafedrasının baş müəllimi Aygün Əliyeva iştirak ediblər.
Tələbələrin layihələri ilə “bdu_qazax_steam” instaqram səhifəsində daha ətraflı tanış ola bilərsiniz.
Filialın Mətbuat Xidməti.

































































































































