BDU Qazax filialında “Şəhərsalma və memarlıq ili”nə həsr olunmuş Respublika Elmi Konfransı keçirilib
- Nəşr edilib 25.11.2026 13:28

BDU Qazax filialında “Şəhərsalma və memarlıq ili”nə həsr olunmuş Respublika Elmi Konfransı keçirilib
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Qazax Rayon İcra Hakimiyyəti və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkilatçılığı ilə “Şəhərsalma və memarlıq ili”nə həsr olunmuş Respublika Elmi Konfransı keçirilib.
“Ənənə və müasirlik–Azərbaycan memarlıq məktəbi və müasir şəhərsalma mədəniyyəti Heydər Əliyev irsinin öyrənilməsi konteksində” mövzusunda keçirilən Respublika Elmi Konfransı Ümummilli lider Heydər Əliyevin filialın foyesindəki büstünün önünə gül qoyulması ilə başlayıb.
Konfrans iştirakçıları filialda keçirilmiş Respublika Elmi Konfranslarının çap olunduğu kitablardan təşkil edilmiş sərgi ilə tanış olublar.
Sonra Filialın Heydər Əliyev auditoriyasında Respublika Elmi Konfransının Plenar iclası öz işinə başlayıb.
İclasda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BDU-nun Qazax filialının direktoru, dosent Arif Rüstəmov salamlama nitqi ilə çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən ölkədə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması dövlət səviyyəsində bu sahəyə verilən yüksək əhəmiyyətin göstəricisidir. Qeyd edib ki, bu istiqamətdə regionda yerləşən ali təhsil müəssisə olaraq BDU Qazax filialında müvafiq fəaliyyət planları hazırlanaraq icrasına başlanılıb və keçirilən konfrans da həmin tədbirlər planının mühüm tərkib hissəsidir.
Qazax rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənova giriş nitqi ilə çıxış edərək tədbirin əhəmiyyətini yüksək qiymətləndirib, belə elmi konfransların şəhərsalma sahəsində yeni ideyaların formalaşmasına töhfə verdiyini bildirib. Ölkədə bütün sahələrdə olduğu kimi şəhərsalma və memarlıq istiqamətində də sürətli inkişafın müşahidə olunduğunu vurğulayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən söz açıb.
Sonra “Şəhərsalma və memarlıq ili”nə həsr olunmuş slayt təqdimat təqdim olunub.
BDU Qazax filialının Tədris və elmi işlər üazrə direktor müavini, fizika-riyaziyyat elmləri namizədi, dosent Məmməd Yusifov, Qazax filialının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Mübariz Süleymanov, Gəncə Dövlət Universitetinin müəllimi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Nəsibə Hacıyeva, Gəncə Dövlət Universitetinin müəllimi, siyasi elmlər doktoru Arifə Əhmədli, Qazax filialının müəllimi, Əməkdar müəllim İndra Vəliyeva, Qazax filialının müəllimi, baş müəllim Ülviyyə Bayramova məruzələrlə çıxış ediblər.
Sonra konfrans bölmə iclaslarında öz işini davam etdirib.
Filialın Mətbuat Xidməti.












































































































































