XƏBƏRLƏR

Qazaxda Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi münasibətilə keçiriləcək tədbirlərə start verilib

Qazaxda Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi münasibətilə keçiriləcək tədbirlərə start verilib

“Yusif Səmədoğlunun 90 illiyinin qeyd edilməsi haqqında” Respublika Prezidenti İlham Əliyevin 4 sentyabr 2025-ci il tarixli Sərəncamı dəyərli ziyalımıza dövlət səviyyəsində göstərilən ehtiramın, hörmətin bariz nümunəsidir. Xalq yazıçısı, tanınmış ictimai xadim Yusif Səmədoğlunun 90 illik yubileyinə dair Tədbirlər Planına uyğun olaraq Qazax Rayon İcra Hakimiyyətinin, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Qazax bölməsinin və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkilatçılığı ilə tədbirlərə start verilib. 

Oktyabrın 21-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul əməkdaşları, AYB Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, Bakı Dövlət Universitetinin Qazax filialının direktoru, dosent Arif Rüstəmov, filialın müəllimləri və tələbələri Fəxri Qazaxlılar parkında olub, Xalq yazıçısının büstü önünə tər qərənfillər düzərək əziz xatirəsini ehtiramla anıblar.

Qazax RİH başçısı Rəcəb Babaşov çıxış edərək gəncləri salamlayıb, tədbirin əhəmiyyətindən söz açaraq Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyinin keçirilməsi haqqında imzaladığı müvafiq Sərəncama görə ölkə başçısına Qazax ziyalıları, rayon ictimaiyyəti və öz adından dərin minnətdarlığını bildirib. Sözügedən Sərəncamı Yusif Səmədoğlunun timsalında bütün qazaxlı ziyalılara göstərilən ehtiramın, dərin hörmətin ifadəsi kimi qiymətləndirib.

Şair Barat Vüsal öz çıxışında Yusif Səmədoğlunun 90 illik yubileyinə həsr olunmuş tədbirin təşkilinə görə rayon rəhbərliyinə razılığını ifadə edib. 

BDU Qazax filialının direktoru Arif Rüstəmov çıxış edərək filialda Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyinin yüksək səviyyədə qeyd olunması üçün yubileyə həsr olunmuş silsilə tədbirlərin, esse, inşa müsabiqələrinin, konfransın keçiriləcəyini qeyd edib. 

BDU Qazax filialının Dillər, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müdiri İradə Arıxova, İctimai və təbiət fənlər kafedrasında müəllim, Əməkdar müəllim İndira Vəliyeva təşkil olunmuş tədbirin əhəmiyyətindən söz açıblar. Filologiya fakültəsində təhsil alan tələbələr söz alaraq Xalq yazıçısının yaradıcılığı ilə tanış olmaq, onu yaxından tanımaq üçün bugünkü ziyarətin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.  

Sonra rayon rəhbərliyi və tələbələr Yuxarı Salahlı kəndində yerləşən Xalq şairi Səməd Vurğunun Poeziya Evini ziyarət ediblər. Eyni zamanda, Molla Pənah Vaqifin abidəsi də ziyarət olunub.

 

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.