- Nəşr edilib 03.11.2026 12:46

“CareerLAB” BDU Qazax filialında tədbir keçirib
Bakı Dövlət Universitetinin Qazax filialında “CareerLAB” şəbəkəsi çərçivəsində karyerasını pedaqoji sahədə qurmaq istəyən gənclər üçün “Region gənclərinin inkişafı və karyera planlaması” mövzusunda panel müzakirə keçirilib. Tədbir BDU Qazax filialı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin(GİKM-in) Qazax-Tovuz regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutub.
BDU-nun Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov giriş sözü ilə çıxış edərək keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb.
Panel müzakirələr GİKM-in Qazax-Tovuz regional nümayəndəliyinin koordinatoru Abuhəyat Əfəndinin moderatorluğu ilə keçirilib. Müzakirələrdə BDU Qazax filialının müəllimi, Qazax-Tovuz Regional Məşğulluq filialının mütəxəssisi Bəkir Bəkirli, "VA Academy MMC"-nin təsisçisi və direktoru Vüsalə Əhmədova, BDU-nun Qazax filialının müəllimi Ayşən Qasımova və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin əməkdaşı Asya Alhüseynova çıxış edərək rəqabətli əmək bazarında gənclər üçün karyera planlamasının əhəmiyyəti, təhsil sistemində müasir yanaşmaların tətbiqi, gənclərin gələcəyinə psixoloji baxış, gənclərin şəxsi və peşəkar inkişafında soft skills bacarıqlarının rolu, eləcə də rəqəmsal texnologiyaların tədris prosesinə inteqrasiyası barədə ətraflı məlumat veriblər.
Müzakirələrdən sonra BDU-nun Qazax filialının direktoru Arif Rüstəmovun adına və spikerlərə GİKM-in Qazax-Tovuz regional nümayəndəliyi tərəfindən təşəkkürnamələr təqdim olunub.
Tədbirin sonunda gənclərin sualları cavablandırılıb, interaktiv fikir mübadiləsi aparılıb.
Filialın Mətbuat Xidməti.

































































































































