BDU Qazax filialında “Dastan yazanlar və onu yaşadanlar” mövzusunda tədbir keçirilib
- Nəşr edilib 25.09.2026 10:23
- Çap

BDU Qazax filialında “Dastan yazanlar və onu yaşadanlar” mövzusunda tədbir keçirilib
BDU-nun Qazax filialında Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının birgə təşkilatçılığı və BDU-nun Qazax filialının dəstəyi ilə 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.
“Dastan yazanlar və onu yaşadanlar” mövzusunda keçirilən tədbirdə təşkilatçılarla yanaşı şəhid valideyinləri, qazilər, professor-müəllim heyəti, tələbələr iştirak edib. Tədbir iştirtakçıları əvvəlcə filialın foyesində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş xatirə guşəsi ilə tanış olublar.
Anım tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə BDU-nun Qazax filialının direktoru Arif Rüstəmov, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Gənclərin Yerli Məşvərət Şurasının sədri Pəri İbrahimova, Şəhid atalarından Qədir Əfəndiyev, Vaqif Nəsibov, Müqabil Məmmədov, Elxan Abdullayev, Vətən müharibəsi qaziləri Samir Çobanov, Xəyyam Əliyev və İsgəndər Mustafayev çıxış edərək Vətən müharibəsində qazanılan tarixi Zəfərin əhəmiyyətindən və şəhidlərimizin qəhrəmanlıq irsinin təbliğinin vacibliyindən danışıblar.
“Gənclər soruşur, Qəhrəmanlar cavablandırır” rubrikasında gənclərlə şəhid valideyinləri və qazilər arasında səmimi söhbət aparılıb. Valideynlər qəhrəman övladlarının döyüş yolundan və xatirələrindən bəhs edərək gənclərə dəyərli tövsiyələr veriblər.
Tədbirin sonunda tələbələrdən Fəridə Məmmədova, Məhəmməd Qaravəliyev və Qönçə Xəlilova vətənpərvərlik mövzusuna həsr edilmiş şeirləri səsləndiriblər.
Filialın Mətbuat Xidməti











