Ümummilli Lider Heydər Əliyev Müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir
- Nəşr edilib 29.11.2025 14:24
- Çap

BDU-nun Qazax filialında "Ümummilli Lider Heydər ƏliyevMüstəqil Azərbaycan Konstitusiyasının müəllifidir"
mövzusunda Respublika Elmi Konfransı keçirilib
Noyabrın 28-də Qazax Rayon İcra Hakimiyyəti və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkilatçılığı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş "Ümummilli Lider Heydər Əliyev Müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusunda Respublika Elmi Konfransı keçirilib.
BDU Qazax filialının Heydər Əliyev auditoriyasında keçirilən konfransda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Bakı Dövlət Universitetinin Qazax filialının direktoru, dosent Arif Rüstəmov, Gəncə Dövlət Universitetinin, Mingəçevir Dövlət Universitetinin, Bakı Dövlət Universitetinin Qazax filialının professor və müəllim heyəti, şəhid ailələri, KİV nümayəndələri iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Ulu Öndərin adını daşıyan parkda abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla anıblar. Ümummilli Liderin adını daşıyan Mərkəzə baxış keçirərək onun həyat və fəaliyyətini özündə əks etdirən stendlərlə tanış olublar.
Konfrans öncəsi iştirakçılar BDU-nun Qazax filialında məzun şəhidlərin xatirəsi əbədiləşdirilmiş guşəyə baxış keçirib, igid Vətən oğullarını ehtiramla anıblar.
Sonra filialın Heydər Əliyev auditoriyasında konfrans öz işinə başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Sonra mövzuya uyğun videoçarx nümayiş etdirilib.
Konfransın aparıcısı, Bakı Dövlət Universitetinin Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini, dosent Məmməd Yusifov tədbiri açıq elan edərək iştirakçıları salamlayıb, səmimi ürək sözlərini bölüşüb.
Bakı Dövlət Universitetinin Qazax filialının direktoru, dosent Arif Rüstəmov salamlama nitqi ilə çıxış edərək konfransın məqsəd və əhəmiyyətindən söz açıb. A.Rüstımov Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində şanlı ordumuzun Azərbaycan xalqına zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da bir daha öz xalqına tanıtdığını vurğulayıb. Ölkə Prezidentinin müvafiq sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasını yüksək qiymətləndirən A.Rüstəmov bu ilin təntənə ilə qeyd olunduğunu, filial olaraq bu ilə həsr olunmuş silsilə tədbirlər, inşa müsabiqələri, konfranslar keçirildiyini qeyd edib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov məruzə ilə çıxış edərək kofrans iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini çatdırıb. İcra başçısı 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində "Ümummilli Lider Heydər Əliyev Müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusunda keçirilən Respublika Elmi Konfransın əhəmiyyətini qeyd edərək bugünkü konfransın mühüm əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, bu il 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Əsas Qanunu olan ilk Konstitusiyasının qəbul edilməsinin 30 illiyi və 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi Zəfərin 5-ci ildönümüdür. Bu Sərəncam dövlətçilik tariximizin daha da dərindən öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Gəncə Dövlət Universitetinin kafedra müdiri, dosent Etibar Musayev, Mingəçevir Dövlət Universitetinin dekan müavini, f.e.d Flora Namazova, Gəncə Dövlət Universitetindən fəlsəfə doktoru Arifə Əhmədli, BDU Qazax filialının əməkdaşlarından - dekan müavini, pedaqogika üzrə fəlsəfə doktoru Mübariz Süleymanov, baş müəllim Ülviyyə Bayramova, Əməkdar müəllim İndira Vəliyeva, müəllim Cəvahir Mustafayeva mövzu ətrafında məruzə ediblər.
Plenar iclasın sonunda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tələbələr arasında keçirilmiş inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Sonra konfrans öz işini bölmə iclaslarında davam etdirib.
Filialın Mətbuat Xidməti





















